İspaniyada təhsil

İspaniyada təhsil

İspaniya Krallığında yüksək keyfiyyətli və dayanıqlı təhsil sistemi mövcuddur.

Ölkə təhsili dövlət tərəfindən və özəl fondlar hesabına maliyyələşdirilir. İspaniyada çoxsaylı beynəlxalq məktəb fəaliyyət göstərir. Bu məktəblər əsasən ödənişli əsaslarla təhsil təklif edir. Beynəlxalq təhsil müəssisələrinin bəzilərində yalnız ibtidai təhsil, müəyyən qismində isə ibtidai təhsillə yanaşı, həm də məktəbəqədər təhsil və ali təhsil də verilir. Bu məktəblərin hər birinin ayrıca tədris proqramı var. Beynəlxalq ali məktəblərə Amerikanın orta məktəb diplomu ilə də daxil olmaq mümkündür.

Ali təhsil

İspaniyada universitetləri Centro adlandırırlar. İspaniyada ali təhsil sisteminin təşəkkül tarixi orta əsrlərdən başlayır. Ölkənin ən qədim ali məktəbi olan Salamanka Universiteti 1218-ci ildən fəaliyyət göstərir. Hazırda İspaniya ali məktəblərində təxminən 1,5 milyon tələbə təhsil alır. Bu isə 46 milyon əhalisi olan ölkə üçün yüksək göstərici hesab edilir. Ali təhsil sisteminə Elm və Təhsil Nazirliyi nəzarət edir. Bununla yanaşı, ölkənin 17 muxtar regionu üzrə ali təhsil müəssisələrinə yerli qurumlar cavabdehlik daşıyır. Ali məktəblərə qəbul olunmaq üçün orta məktəb məzunları qəbul imtahanı verirlər. Ali təhsil icbari deyil. Özəl universitetlərdə təhsil ödənişlidir. Təhsil haqqı universitetdən asılı olaraq dəyişir.

Ali təhsil proqramları bakalavr, maqistr və doktorantura pillələrindən ibarətdir. Avropa Ali Təhsil məkanının tədris sisteminə uyğun olaraq proqramlar müvafiq təhsil mərhələləri üzrə bölünür:

  • Bakalavr proqramı – ilkin dərəcə proqramı və ya ümumi ali təhsil istiqamətidir;
  • Maqistr proqramı – ixtisaslaşmış dərəcə, həmçinin akademik və ya ixtisas dərəcə proqramıdır;
  • Doktorantura proqramı – elmi tədqiqat sahəsində ən yüksək elmi araşdırma metodlarının öyrənilməsinə yönəlmiş dərəcə proqramıdır.

Ölkədə 75 universitet var. Bu universitetlərdən 50-si dövlət, 25-i özəl ali məktəblərdir. Universitetlərdə qarışıq maliyyələşmə mexanizmi tətbiq edilir. Təhsil xərcləri mərkəzi hökumətin ayırdığı subsidiyalar, icma qrantları, şəxsi investisiyalar və ianələr hesabına ödənilir.

Ali məktəbləri tədris imkanlarına görə 4 yerə ayırmaq olar:

– texniki fənlərdən başqa bütün fənləri tədris edən ali məktəblərdə hər üç ali təhsil pilləsi üzrə (bakalavr, maqistr və doktorantura) oxumaq olar;

– ali texniki məktəblər də hər üç təhsil pilləsini (bakalavr, maqistr, doktorantura) təklif edir;

– müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış universitet məktəblərində yalnız bakalavr pilləsində təhsil almaq mümkündür;

-ali mühəndis məktəblərində isə memar, mühəndis və texnoloq hazırlanır. Bu tədris ocaqlarında proqram daha məzmunlu və dərindir. Bu məktəblərə qəbul olmaq istəyənlər ən ciddi seçimlərdən keçirlər. Statistikaya görə mühəndislik məktəbinin birinci kursunda təhsil alan tələbələrin üçdə biri kursda qalır. Daxil olanların dörddə biri isə diplom almağa müvəffəq olur.

Ölkə universitetlərində akademik il 2 semestrə ayrılır. Birinci semestr sentyabrın ortalarından dekabrın axırlarına kimi davam edir. İkinci semestr isə fevralın ortalarında başlayır və mayın sonunda başa çatır. Təhsil haqqı yerli əhali və Avropa İttifaqı ölkələrindən olan tələbələr üçün xeyli aşağıdır. Heç bir fərq qoyulmadan yerli və əcnəbi tələbələrə qrantların, təqaüdlərin verilməsi də mümkündür. Təqaüd və qrant alınması üçün rəqabət digər ölkələrlə müqayisədə daha yüksəkdir. Universitetlərdə təhsil müddəti 4 il, tibb və bəzi digər ixtisaslar üzrə 6 il davam edir. Ali təhsildə Boloniya sisteminin tələbləri əsas götürülür.

İspaniyanın ali məktəblərində təhsil almaq üçün ispan dilini bilmək əsas şərtlərdən biridir. Odur ki, ölkənin ali məktəblərini seçən əcnəbilər ispan dili üzrə imtahan verirlər. (D.E.L.E. ispan dili üzrə imtahan). Müvafiq imtahanlar mayda və dekabrda keçirilir. Əcnəbi tələbələr, İspaniyada ali təhsil müəssisələrində oxuyan tələbələrin ümumi sayının 3 faizini təşkil edir. Onlar da əsasən Avropa İttifaqına daxil olan ölkələrdən gələn tələbələrdir.

Ali təhsil ciddi bir struktura əsaslanır və konkret kurikulumlar tətbiq olunur. Tələbələr tədris müddətində sağlamlıq və ailə vəziyyəti ilə bağlı ciddi səbəblər olmadan oxuduqları universitetləri dəyişə bilməzlər.

Bakalavrlar üçün orta təhsil haqqında attestat və 9, 10, 11-ci siniflərdə keçirilmiş saatlar və qiymətlər haqqında çıxarışın (xülasə) verilməsi lazımdır. Magistrlər üçün ali təhsil haqında diplom, doktorlar üçün isə magistr diplomu və ali təhsil haqqında diplomun verilməsi vacibdir.

İspaniya beynəlxalq aləmdə tanınmış bir çox ali məktəbləri ilə məşhurdur. Bu ali məktəblər arasında Komilas Pontifikal Universiteti, Alfonso El Sabio Universiteti, Madrid Universiteti, Seville Universiteti, Valensiya Universiteti, Bask Universiteti, Katolonia Politexnik Universiteti, Madrid Texniki Universiteti, Barselona Avtonom Universiteti, Qranada Universiteti, Alkala Universiteti daha nüfuzlu hesab olunur. Ali məktəblərin əksəriyyəti Madrid, Barselona və Valensiya şəhərlərində yerləşir. Özəl universitetlərin daha çox hissəsi Madrid şəhərində yerləşir.

İspan ali məktəbləri ənənəvi tarix və coğrafiya, latın dili, fəlsəfə, fizika tədrisində əsas sayılırlar. İspan təhsilinin əsas cəhətlərindən biri – mədəniyyətin öyrənilməsidir. Ölkədə qeyri-universitet təhsili verən ali təhsil müəssisələri də fəaliyyət göstərir. Bu təhsil müəssisələri sırasına mülki dənizçilik, turizm, incəsənət və rəqs, mahnı və musiqi, yüksək səviyyəli biznes məktəbləri və Amerika məktəbləri daxildir.

İspaniyada təhsilin ikinci dövrünü bitirərkən ixtisasa uyğun maqistr dərəcəsi verilir.  Doktor dərəcəsini ali təhsilin üçüncü pilləsinə qalxandan sonra almaq olar.